Əhalinin diqqətinə! Bu məhsulun qiyməti kəskin ucuzlaşdı

ÖLKƏ

27 Aprel 2024 14:01

Oxunma sayi: 323
Əhalinin diqqətinə! Bu məhsulun qiyməti kəskin ucuzlaşdı

Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Sahələrdə soğanın qiyməti keçən illə müqayisədə xeyli ucuzdur. Cari ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1200 hektar payızlıq soğan əkilib ki, onun da 700 hektarından çoxu Bərdə rayonu ərazisindədir. Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. 
Bu il soğan əkini sahələri ötən illə təxminən eyni olsa da, qiymətlər xeyli ucuzdur. Belə ki, keçən il sahədə bir kisə (30-35 kiloqram) soğan ilkin yığım vaxtı 13 manata satılırdısa, hazırda bir kisə soğanın qiyməti 5 manatdır. Ucuzlaşmanın səbəblərindən biri ölkəmizə xaricdən soğan idxal olunmasıdır. Ümumi götürsək, regionlarda satılan məhsulların qiyməti ilə iri şəhərlərdə təqdim olunan məhsulun qiymətində ciddi dərəcədə fərqlər meydana çıxır. Bəzi məhsullar regionlarda ucuz olduğu halda, paytaxtda və digər iri şəhərlərdə xeyli baha satılır. Bəs görəsən, bunun səbəbləri nədir? 

Azmedia.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əsas səbəb fermerlərin bazara birbaşa çıxa bilməməsidir: 

“Bunun əsas səbəbi istehsalçının bazara çıxışının təmin edilməməsidir. Məsələ burasındadır ki, kənd təsərrüfatı istehsal edən fermer kənddədir. O, istehsal etdiyi məhsulu Bakıya gətirsə əlində qalacaq. Hətta yerində satdığı qiymətdən də aşağı dəyərdə satacaq. Bunun səbəbi odur ki, fermerlər böyük şəhərlərdə bazarlara birbaşa girə bilmir. Bu maneə aradan qaldırılmalıdır. Bəzi işbazlar bazarları ələ alıb və rayonlardan aldıqları məhsulu bazarda 3 qat bahasına satırlar”. 

Ekspert fermerlər üçün iri şəhərlərdə bazarların yaradılmalı olduğunu qeyd edib: 

“Azərbaycanın ən ucqar nöqtəsindən Bakıya cəmi 600 kilometr məsafə var. Bu isə həmin məhsulun bu qədər baha təqdim olunmasına dəlalət etmir. Soğanın da aqibəti eynidir. Yerində kisəsi 3-5 manata alınan soğanın kiloqramını şəhərdə 70-80 qəpiyə satırlar. Bu isə fermerlərin zərərə düşməsinə səbəb olur. Elə şərait yaratmaq lazımdır ki, fermer özü birbaşa məhsulunu bazara çıxara bilsin. Paytaxtın mərkəzi küçələrində bu cür bazarların təşkili üçün yerlər ayrılmalıdır”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!