Övladlarını sobaya çırpdı, atasını... – BAKIDA DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

ÖLKƏ

08 May 2024 17:50

Oxunma sayi: 1695
Övladlarını sobaya çırpdı, atasını...  – BAKIDA DƏHŞƏTLİ AİLƏ FACİƏSİ

“2017-ci ildən hadisə olan günə qədər övladlarımı və valideynimi içib döydüyümü xatırlamıram. Həmin gün 2 litr araq içmişdim”.

Azmedia.Az  xəbər verir ki, bu sözləri məhkəmə qarşısında atasını döyərək öldürməkdə və övladlarına mütəmadi olaraq döymək, zorakı hərəkətlərlə güclü fiziki ağrı, psixi iztirablarla əzab verməkdə təqsirləndirilən Namiq Məmmədov deyib.

Qısa məlumat: Hadisə ötən ilin avqustunda paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində qeydə alınıb. Belə ki, Bakı şəhərində yaşayan, 47 yaşlı Namiq Məmmədov 2017-ci ildən hər gün spirtli içki qəbul etməyə başlayıb. İçkili evə gələrək 75 yaşlı atasını, 71 yaşlı anasını, 21, 20 və 15 yaşlı övladlarını döyüb. 2017-ci ilin əvvəlindən 2023-cü ilin avqust ayına qədər mütəmadi olaraq yaşlı anasını yumruq və təpiklə döyüb, çoxsaylı zərbələr endirib. Övladlarına isə bədənlərinin müxtəlif nahiyələrinə təpik zərbələri endirib, başına qazan qapağı çırpıb, qaldırıb döşəməyə atıb. Daha sonra, övladlarının başını divara, elektrik sobasının şüşəsinə vurub.  

Hadisə günü spirtli içki qəbul edərək evə gəlib atası ilə mübahisə etməyə başlayıb. Atası ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirib. Aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənində dayanan atasının sinə nahiyəsinə qəsdən təpiklə zərbə vuraraq onun hər iki ağ ciyərini dağıdıb, qabırğalarını sındırıb. Nəticədə atası pilləkəndən aşağı daşın üzərinə düşərək, həyatını itirib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə cinayət işi açılıb. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə aparılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən Namiq Məmmədov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində hadisə günü 2 litr spirtli içki qəbul etdiyini deyib:

“Son 1 ildir hər gün içki içirəm. Ailəmlə çox mehriban olmuşuq. Amma içkili olanda necə davrandığımı xatırlamıram. Nələr baş verdiyi də ağlımda deyil. Atamı öldürmək niyyətim olmayıb. İçki almaq üçün evdən pul götürmək istədim atam qoymadı. Buna görə onu itələdim. İtələdikdən sonra onun pilləkəndən düşdüyündən xəbərim olmayıb. Uşaqlarım deyirsə, deməli bu əzabları onlara etmişəm. Özüm xatırlamıram”.

N.Məmmədovun istintaqdakı ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu zaman istintaqdakı verdiyi ifadə zalda elan olunub. O, həmin ziddiyyəti istintaq zamanı yazılan ifadəni oxumadan imzalaması ilə əlaqələndirib.

Məhkəmədə onun anası Sima Məmmədova ifadə verib. Qadın oğlunun hadisə günü içkili halda bıçağı götürüb itin başını kəsəcəyini deyib:

“Saat təxminən axşam 10 radələri idi. Namiq evə içkili gəldi. Qızı Könül ona ayran düzəldib, televizorda baxması üçün kino açdı. Bir az keçdi Könül gəlib atasının yatdığını dedi. Təxminən 40 dəqiqə keçmişdi ki, Namiq oyanıb, evin ortasında oğlu Fərmaili qışqırıb çağırdı. “Sən mənə sifət etdin” deyib, durduq yerə uşağı döydü. Fərmail qorxub o biri otağa qaçdı, yalvarmağa başladı. Həyat yoldaşımı oyadıb, vəziyyətin yaxşı olmadığını dedim. Elə bu zaman Namiq əlində bıçaq “iti gətirin başını kəsəcəm” dedi. Daha sonra, qızı Simanın başını divara vurmağa başladı. Atası Namiqə “ay bala döymə, yazıqdır” dedi. Buna əsəbiləşib Namiq təpiklə atasını vurdu. Yoldaşım pilləkəndan daşların üzərinə düşərək öldü”.

Namiq Məmmədovun qızı, zərərçəkmiş Könül Məmmədova ifadəsində qeyd edib ki, atası bacısının pişikdən qorxduğunu bildiyi üçün üstünə pişik tullayırmış:

“Atam hər zaman olduğu kimi evə içkili gəldi. Yatıb durduqdan sonra qışqıraraq qardaşımı çağırdı. Fərmaili döydü. O, qorxub qaçdığı üçün atam bacım Simanın yanına gəldi. Sima pişikdən çox qorxur. Bunu da atam bilirdi. Amma qəsdən onun üstünə pişiyi tullayıb, başını divara vurmağa başladı. Nənəm qışqıraraq qonşuları köməyə çağırdı, babam da pilləkəndə dayanıb yalvarırdı döyməməyi üçün. Atam əsəbiləşib onu möhkəm təpiklə vurub pilləkəndən yerə yıxdı. Babamın yıxıldığını görüb otağa girdi. Simaya “Hər şey pişik üzündən oldu” deyib, telefonu götürüb getdi”.

Namiq Məmmədovun məhkəmədə ifadə verən digər qızı Sima Məmmədova atasının onu pişiyin çölə qaçdığı üçün döydüyünü bildirib:

“Yuxudan durub içkili halda qardaşımı döyməyə başladı. Qorxudan mən otaqdan çıxmadım. Qardaşım qaçandan sonra gəldi mənim üstümə pişik atdı. Pişik qorxub otaqdan qaçdığı üçün məni döyməyə başladı. Boğazımdan tutub başımı divara vurdu. Atam babamı polisə zəng etdiyini düşündüyü üçün təpikləyib. Qorxduğum üçün otağa qaçdım, hadisənin davamını görmədim. Amma səsləri eşidirdim. Daşın qırılmasını, arxasınca bacımın və qardaşımın səslərini eşidib çölə çıxdım. Babamın hərəkətsiz şəkildə yerdə uzandığını və başından qan axdığını gördüm”.

Zərərçəkmiş şəxsin hüquqi varisi, oğlu Fərmail Məmmədov məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirib.

İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs arvadı ilə 2015-ci ildən ayrı yaşamağa başlayıb, 2016-cı ildə isə rəsmi olaraq boşanıblar. Bildirilib ki, o, yoldaşını da içki içərək hər gecə döyüb. Qadın buna dözməyərək onları qoyub evdən gedib. 1 il sonra rəsmi boşanıblar. Məhkəmənin qərarı ilə uşaqlar Namiq Məmmədovun himayəsinə verilib.

Məhkəmənin yekun qərarı ilə Namiq Məmmədov cinayətdə təqsirli bilinib. O, 12 il müddətində azadlıqdan məhrum edilib. Azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!