AQTA Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbini AÇIQLADI - YENİLƏNİB

ÖLKƏ

08 May 2024 17:11

Oxunma sayi: 562
AQTA Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbini  AÇIQLADI - YENİLƏNİB

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış keçirilib.

Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində hazırlandığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi və ikincili çirklənməyə səbəb olmasıdır.

Qeyd olunub ki, Agentlik tərəfindən qeyd edilən ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.

Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58 dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq məhdudlaşdırıcı qərarlar qəbul edilib.

********************

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. 

Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. 

Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.

Müraciət edənlər arasında beş nəfərin azyaşlı olduğu bildirilir. 

Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam ediliblər. 

Yerli sakinlər bildiriblər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsilə türkəçarələrlə müalicə alır. 

Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir.

Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir. 

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilib, müayinə və müalicələrə cəlb olunublar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!